MEK-in təşkilati dəstəyi ilə “Türkologiya” jurnalının növbəti seminarı keçirilib
  
1657

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.

Seminarın qonağı Türkiyənin Qazi Univerisitetinin professoru Mehman Musaoğlu olub. Professor M.Musaoğlu “Türkoloji dilçilik: problemlər, perspektivlər və təkliflər” mövsuzunda məruzə ilə çıxış edib.

Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü akademik Möhsün Nağısoylu, professor Roza Eyvazova, türk dilləri şöbəsinin müdiri dosent Aygül Hacıyeva, Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədli, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Kamil Bəşirov institutun əməkdaşları Qətibə Mahmudova,  Şəbnəm Həsənova, Elnarə Əliyeva, Təranə Şükürlü, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dissertantı İmanyar Quliyev, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və jurnalın əməkdaşları və seminarın üzvü olan tələbələr iştirak ediblər.

Əvvəlcə jurnalın baş redaktorunun müavini, Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu professor Mehman Musaoğlunun elmi fəaliyyəti və jurnalın nəzdində keçirlən seminarın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

“Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov çıxışında seminar haqqında iştirakçıları ətraflı məlumatlandırıb. E.İbrahimov qeyd edib ki, ““Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirilmişdir. Bu ilk addım artıq ənənəyə çevrilib və jurnalın nəzdində seminarlar mütamadi şəkildə keçirilməkdədir.”

Daha sonra seminar öz işini professor M.Musaoğlunun məruzəsi ilə davam etdirib. Professor M.Musaoğlu “Ənənəvi, yeni, ən yeni türkoloji dilcilik, əənəvi-təsviri türkoloji dilçilikdə; təsriflənməyən feillərin vəya feli sifət, feli bağlama və məsdərlərlə bərabər, bəzi sintaktik konstruksiyaların qurucu mərkəzlərinin də budaq cümlənin xəbəri yerində işlənildiyinin göstərilməsi, hərəkətin bitmişliyi, sürəkliliyi və bitiriləcəyini leksik, semantik və morfoloji vasitələrlə ifadə edə bilən analitik feillərdə aspekt kateqoriyasının yox sayılması, sözdüzəldici, formadüzəldici və sözdəyişdirici şəkilçilərin sərhədlərinin qarışdırılmasından danışıb. Türk dillərinə dair aparılan yeni linqvistik araşdırmalardan danışan M.Musaoğlu “Sözün iki zirvəli tələffüz modeli probleminin türk dillərində izahlı-müqayisəli olaraq öyrənilməməsi və həmin problemin çözümlənməsində “Türk dillərində vurğu sözün son hecasının üzərinə düşər” ənənəvi hökmündən hərəkət edilməsi, sözün struktur, semantik və semiotik quruluşunun kök//şəkilçi və birləşdirici morfemlərə,  morf və allomorflara, eyni zamanda dil-danışıq kontekstinə görə müəyyənləşdirilən sintaktik, semantik və praqmatik komponent olaraq öyrənilməməsi” kimi məsələlərdən də geniş şəkildə seminar iştirakçılarına məlumat verib.

Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, M.Musaoğlu “Türkologiya” jurnalının beynəlxalq redaksiya heyətinin dilçilik üzrə üzvüdür.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82



FirstPrev12NextLast