MEK-ə daxil olan yeni kitab Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirir
  
1641

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Aserbajdsjanske Republik(1918-1920)” adlı yeni nəşr daxil olub. Danimarka və isveç dilində nəşr edilmiş kitabın müəllifləri - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarixçi-publisist, professor Ədalət Tahirzadə və araşdırmaçı-yazar Dilqəm Əhməddir.
Kitabda müsəlman şərqində ilk demokratik respublika olan AXC haqqında tarixi faktlar toplanılıb. “1917-ci ildə Rusiya Fevral İnqilabından sonra Cənubi Qafqaz”, “Azərbaycan milli xətti - Müstəqillik Bəyannaməsi”, “15 sentyabr 1918-ci ildə Bakının azad olunması”, “Mudros sazişi və Azərbaycan”, “Parlamentin şərəfi”, “Respublikanın gücləndirilməsi  və tanınması uğrunda  mübarizə”, “Denikin təhlükəsi”, “AXC dövründə xarici ölkələrlə diplomatik əlaqələrin qurulması”, “Demokratiya uğrunda mübarizə, torpaq islahatları, siyasi islahatlar” və s. başlıqlar altında verilən mövzularda xalqımızın  istiqlal mücadiləsi, AXC qurucularının fədakar fəaliyyəti işıqlandırılıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82