MEK Nadir kitab fondunda mühafizə olunan Markalar kolleksiyasının təqdimatını keçirib
  
1621

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Nadir kitab fondunda mühafizə olunan Markalar kolleksiyasının təqdimatını keçirib.
MEK direktoru Leyla İmanova markaların ölkənin tarixi, mədəniyyəti, təbiəti, unikal məlumatları əks etdirmək baxımından informasiya dəyərindən danışıb. L.İmanova həm ənənəvi, həm də elektron şəkildə hazırlanmış, dövrün geoloji, tarixi, mədəni və digər xarakterli məlumatlarını əks etdirən Markalar kolleksiyasının Milli Rəqəmsal Yaddaş bazasının dəyərli informasiya laylarından biri olduğunu diqqətə çatdırıb.
Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova Markalar kolleksiyasını təqdim edib. Bildirib ki, hal-hazırda kitabxana fondlarında mühafizə olunan 1320 ədəd markadan 227 ədədi çap, 1123 ədədi isə elektron formatdadır. Azərbaycana aid markalardan 35 ədədi xaricdə nəşr edilib. Onların sırasında ABŞ-da Qarabağ fondunun dəstəyi ilə çap edilmiş Qarabağın tarixi abidələrinə, görkəmli şəxsiyyətlərinə, eləcə də İsveçrə, Almaniya, Hollandiya, Belçikada Azərbaycanın tanınmış simalarına həsr edilmiş markalar xüsusi yer tutur. Azərbaycanla dostluq münasibətləri mövzusunda Macarıstan, Ukrayna, Belarusiya, Misir, Brazilya, Rusiya, Tacikistan, Qazaxıstan və digər ölkələrdə markalar çap olunub. Azərbaycanda nəşr olunan ilk marka seriyasının 1919-cu ilə aid olduğunu göstərən kolleksiyada ölkəmizin Azərbaycan Xalq Cümhuriyyəti, Sovetlər və müstəqillik dövrlərinə həsr olunmuş fərqli mövzular yer alıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva Azərbaycanda və xaricdə hər il müxtəlif tematikalı markaların istehsal olunduğunu və dövriyyəyə buraxıldığını qeyd edib. Yüksək səviyyədə tərtib edilən Markalar kolleksiyasına və gözəl təqdimata görə təşəkürünü bildirən şirkət rəhbəri “Azərmarka”nın MEK-lə markalar mübadiləsini daim davam etdirəcəyini bildirib.
“Azərmarka” şirkətinin əməkdaşları - dizayner rəssam Nəriman Məmmədzadə və redaktor Ülviyyə Qarayeva ölkənin siması adlandırdıqları markaların sənəd kimi əhəmiyyətindən danışıblar. Markaların hazırlanmasında mövzu seçiminin xüsusi önəm kəsb etdiyini vurğulayan şirkət əməkdaşları qarşıda planlaşdırılan işlər barədə məlumat verib, daha geniş auditoriyada təbliğ üçün məktəblər də daxil olmaqla bir çox müəssisələrdə sərgilərin təşkil ediləcəyini bildiriblər.
Tədbirin sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva şirkət adından MEK-ə ölkəmizin təbiətini, mədəni və elmi həyatının bütün sahələrini əks etdirən, 2017-ci il nəşri olan “Azərbaycan” adlı tematik markalar albom-kitabını hədiyyə edib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

FirstPrev123NextLast