MEK-ə Azərbaycanlıların tarixi və etnoqrafik təsvirinə həsr olunmuş monoqrafik toplu daxil olub
  
1386

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) "Xalqlar və mədəniyyətlər" fundamental seriyasından "Azərbaycanlılar" adlı növbəti nəşr daxil olub.
Rusiya Elmlər Akademiyasının  Etnoqrafiya və Antropologiya İnstitutunun çoxcildli etnoqrafik  "Xalqlar və mədəniyyətlər" seriyası çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun hazırladığı monoqrafiyalar toplusu Rusiyanın "Elm" nəşriyyatı tərəfindən nəşr olunub.
Kitabın müəllifləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları olan tanınmış azərbaycanlı etnoqraflardır. Ayrı-ayrı bölmələrin yazılmasında AMEA-nın Tarix, Memarlıq və İncəsənət, Əlyazmalar institutlarının və "Azərbaycan Milli Ensiklopediyası" Elm Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, BDU-nun Tarix fakültəsinin, eləcə də Rusiya Elmlər Akademiyasının Etnoqrafiya və Antropologiya İnstitutu əməkdaşlarının iştirak etdiyi nəşrin rəyçiləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,  tarix elmləri namizədi M.S.G.Alboqacıyevdir.
Monoqrafik topluda "Azərbaycanlılar" müasir etnoniminin formalaşmasının əsas mərhələləri, “azərbaycanlı” etnosunun tarixi və etnoqrafik zonalarının formalaşmasında mühüm rol oynayan etnoqrafik qruplar, həmçinin azərbaycanlıların dinamikasında əsas mərhələlər haqqında məlumatlar verilib. Azərbaycanlıların etnoqrafik xəritəsinə xüsusi diqqət yetirilən kitabda Gürcüstan, Rusiya, İranda yaşayan azərbaycanlılar və 1990-cı ilə qədər Ermənistanda məskun olan, qaçqın düşənlərin ümumi demoqrafik və etno-mədəni xüsusiyyətləri verilib.  Azərbaycanın ərazisində qədim dövrlərdən başlayaraq baş vermiş tarixi hadisələrin ümumi təzahürünü əks etdirən monoqrafiyanın digər bir hissəsi Azərbaycan dilinə həsr olunub. 10 fəsildən ibarət kitabda azərbaycanlıların ənənəvi mədəniyyətinin müxtəlif aspektləri - maddi mədəniyyətinin xüsusiyyətləri, Azərbaycan ailəsinin etnik özəllikləri, ailə münasibətləri və ailə ritualları təhlil edilib. Monoqrafiyada həmçinin, İslamdan əvvəl Azərbaycanda ənənəvi xalq inancları, İslamdan sonra Azərbaycandakı mövcud vəziyyət, sosial həyat - xalq musiqisi, teatr və oyun mədəniyyəti, xalq oyunları, azərbaycanlıların əsrlik adət-ənənələri təsvir edilib.
Azərbaycan xalqının peşəkar mədəniyyətinə ayna olan kitab tarixçilər, etnoqraflar, kulturoloqlarla yanaşı geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82