MEK-in baş kitabxanaçısı Gültəkin Hacıyevanı 70 illik yubileyi münasibəti ilə təbrik edirik
  
1368

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Kitabxana-xidmət şöbəsinin Fondların Mühafizəsi bölməsinin baş mütəxəssisi Gültəkin Hacıyevanın 70 illik yubileyidir.
Gültəkin Mirağa qızı Hacıyeva 1948-ci il aprelin 3-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. Gültəkin Hacıyeva ali təhsilini bitirdikdən sonra 1971-ci ildə AMEA-nın Botanika İnstitutunda laborant vəzifəsində iş həyatına başlayıb. O, 1973-cü ildə AMEA Əsaslı Kitabxanasına (o zaman Mərkəzi Elmi Kitabxana belə adlanırdı) biblioqraf vəzifəsinə keçirilir, əvvəlcə kitabxanaçı, sonra isə baş kitabxanaçı vəzifəsində çalışır. Gültəkin Hacıyeva çalışdığı 46 illik müddət ərzində kitabxana fondlarının zənginləşdirilməsində, kitabxana işinin təşkilində, oxuculara xidmət göstərilməsində və s. işlərdə hər zaman məsuliyyətli, bacarıqlı bir əməkdaş kimi öz töhfəsini verib. Azərbaycan kitabxana tarixində klassik kitabxanaçılıqla modern kitabxanaçılığın qovşağında olan peşəkar nəslin nümayəndəsi kimi Gültəkin Hacıyevanın MEK-in uğurlu sintezlərlə yenilənmiş iş sistemində özünəməxsus rolu var. İntizamı və səmimiyyəti ilə MEK kollektivinin hörmətini qazanmış Gültəkin Hacıyeva işə qəbul edilən yeni kadrların formalaşmasında bacarıqlarını  əsirgəməmiş, öz təcrübəsini daim onlarla bölüşmüşdür.
Bu illər ərzində kitabxananın ictimai işlərində fəal iştirak etmiş Gültəkin Hacıyeva MEK nəşrlərində kitabxana işinə aid bir sıra elmi məqalələrlə də çıxış edib. O, “Elmi fondların gələcəyə yönəlmiş mühafizə strategiyası”, “Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəricisi”, “Azərbaycanda müdafiə olunmuş dissertasiyalar” kimi elmi məqalələrin müəllifidir.
Uzunmüddətli ardıcıl fəaliyyəti sayəsində kitabxana işinə böyük əmək vermiş, sənətinə sevgisi və bağlılığı ilə MEK gənclərinə örnək olmuş Gültəkin Hacıyevanı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, firavan həyat arzu edirik.
70 yaşınız mübarək olsun, əziz Gültəkin xanım!
Gün o gün olsun ki, Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edək!



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

FirstPrev12NextLast