Azərbaycanın böyük alimi Mirəli Seyidovun 100 illik yubileyinə ehtiramla
  
1364

Tənqidçi, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru, professor Mirəli Seyidovun Azərbaycan ədəbiyyatında xüsusi çəkisi vardır. Alim XX əsr Azərbaycan ədəbiyyatşünaslarının Əkbər Ağayev, Həmid Məmmədzadə, Pənah Xəlilov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov, Nazim Axundov kimi tanınmış nümayəndələri nəslinə mənsubdur. Ədəbi-elmi axtarış, tədqiqat aləminə İkinci Dünya müharibəsi dövründə, yaxud müharibədən az sonra - Azərbaycan ədəbiyyatının sistemli tarixinin hazırlanmağa başladığı bir vaxtda gələn bu gənclərin əksəriyyəti milli bədii düşüncənin yaxın keçmişini - XIX-XX əsrlərə məxsus ədəbi-tarixi prosesi tədqiq edir, həmin dövrlərdə yaşamış sənətkarların həyat və yaradıcılığını öyrənirdilər. Yaşıdlarından fərqli olaraq Mirəli Seyidov Azərbaycan ədəbiyyatının orta əsrlər dövrü, onun Zaqafqaziya xalqlarının bədii fikrinə təsir dairəsi, Azərbaycan türkcəsinin Qafqazda geniş yayılmasının, əsas ünsiyyət vasitəsi olmasının səbəbləri ilə maraqlanır. Gənc tədqiqatçı Azərbaycan ədəbiyyatının orijinallığını, tarixi bədii zənginliyini və bütün Qafqazda ta qədimlərdən avanqard mövqeyini başqa xalqların bədii mədəniyyəti ilə müqayisə etməklə müəyyənləşdirirdi. Onun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır.

Seyidov Mirəli Mir Ələkbər oğlu 1918-ci il mayın 5-də Qərbi Azərbaycanın  İrəvan şəhərində bəy ailəsində anadan olub. İbtidai məktəbi İrəvan şəhərində başa vuran alim, sonra 1938-ci ildə Bakıda Səməd bəy Ağamalıoğlu adına Hidromeliorasiya Texnikumunu bitirir. O, təhsilinin 1938-1944-cü illərdə Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində davam etdirərkən, 1941-1945-ci illərdə eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxuyur. Təhsil illərində "Sovet Ermənistanı" qəzeti redaksiyasında  korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. Təhsil illərindən sonra Bakıya qayıdan M.Seyidov 1945-1953-cü illərdə AMEA Nizami adına Ədəbiyyat  Muzeyinin  Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1953-1967-cı illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Orta əsrlər və ədəbi əlaqələr şöbəsində baş elmi işçi, 1967-1980-ci illərdə şöbə müdiri, 1980-1988-ci illərdə Folklor İnstitutunun Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinində aparıcı elmi işçi, şöbə müdiri kimi vəzifələrdə çalışır.
Ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlayan M.Seyidov həmin dövrdən başlayaraq mətbuatda vaxtaşırı çıxışlar edir. 1968-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonuna)" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışan alim dəfələrlə ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak edir, 1982-ci ildə Türkiyədə keçirilən 4-cü Türkoloji konqresdə sovet nümayəndə heyətinin tərkibində "Azərbaycan mərasimlərində teatr ünsürləri" mövzusunda məruzə ilə çıxış edir.
Professor Mirəli Seyidov bütün ömrü boyu Azərbaycan mifik təfəkkürünün qaynaqları, xalq mərasimləri, etnogenez məsələləri ilə ciddi məşğul olmuş, ümumtürk mifologiyasının əsas qaynaqlarının, ortaq dəyərlərinin müəyyənləşdirilməsi və təhlili sahəsində azərbaycanşünaslıq elmi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparmışdır. Alim istər Azərbaycan ədəbiyyatı tarixinə dair materialları araşdırarkən, istər zəngin folklor abidələrimizin mifik köklərini incələyərkən, istərsə də etimoloq alim kimi sözlərin yozumunu verərkən filoloq məqsədindən daha çox azərbaycanşünas, vətənşünas alim kimi çıxış etmiş, azərbaycanşünaslıq elminin bir çox nəzəri problemlərinin həlli istiqamətində sanballı əsərlər ortaya qoymuşdur. Azərbaycan türklərinin soykökü, qədim dünyagörüşü, mifoloji baxışları ilə bağlı bir sıra elmi problemləri aydınlaşdıran alim  “Böri-Qurd”, “Azərbaycan xalqının soykökünü düşünərkən”, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Qızıl döyüşçünün taleyi” kimi dəyərli  əsərlərin, eləcə də Azərbaycan, rus dillərində, Türkiyə türkcəsində nəşr edilən 10-la məqalənin müəllifidir.
"Azərbaycan xalqının soykökünü düşünərkən" kitabında epiqraf olaraq: “Tarixin dan sökülənindən çağımıza kimi gərgin üzüntülərdən, işığın, haqqın qələbəsi uğrunda mübarizələrdən, halal torpaqları üstündə qanlı vuruşlardan keçib, dünyanın ən zəngin mədəniyyətlərindən birini yaratmış böyük ürəkli Azərbaycan xalqına bağışlayıram” yazan böyük alimin fədakarlığı bütün zamanlarda birmənalı qarşılanmamışdır. Çətin və ağır təzyiqlərlə üzləşən Mirəli Seyidova bəzən "millətçi" damğası vuranlar da tapılmışdır. O, sovet dövründə türk sözünün yasaq olduğu, millətin soykökündən uzaqlaşdırıldığı bir zamanda türkçülüyə nəinki meyil göstərmiş, həm də onu dərindən araşdırmış, soykökə bağlı vacib problemləri qaldırmışdı. Cəfakeş alim müxtəlif ölkələrin arxivlərində çalışaraq xristian elmi fikrinə, ədəbiyyatına təsir edən Azərbaycan-türk qaynaqlarını təhlilə çəkmiş, tarixin dərin və qaranlıq qatlarında gizli qalan bir çox məsələlərin dürüst, dəqiq izahını vermişdir.
XX əsr Azərbaycan ədəbiyyatşünaslığında, Azərbaycan ictimai-elm tarixində adı həmişə ehtiramla xatırlanacaq böyük alim  Mirəli Seyidov 1992-ci il aprelin 26-da Bakıda vəfat edir. Gərgin elmi-ictimai həyat yolu , araşdırmaları ilə xalqın mifoloji bədii təfəkkürünə ayna tutmuş alimin həyat və yaradıcılığına aid bir çox verilişlər, sənədli filmlər hazırlanmış, yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuş, adı əbədiləşdirilmişdir.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82