“Səyyar Kitabxana” Cocuq Mərcanlıya səfər edəcək
  
1347

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Səyyar Kitabxana” layihəsi artıq mart ayının əvvəlindən Bərdə və Tərtər rayonlarında fəaliyyətini  davam etdirir.

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin də iştirakı ilə keçirilən “Səyyar kitabxana V” layihəsinin açılış mərasimində kitabxananın bu dəfə Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, İmişli rayonları, eləcə də Cəbrayılın Cocuq Mərcanlı kəndində oxucuların ən son nəşrlərlə tanış olmaq imkanı əldə edə biləcəkləri vurğulanıb.

“Səyyar kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.

Layihənin həyata keçirilməsində məqsəd gənclərin mütaliyəyə marağının artırılması, kitabın təbliğatı, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.

13 mart tarixindən etibarən Bərdə oxucularının istifadəsində olan “Səyyar Kitabxana” 18 mart tarixinə qədər bu rayonda fəaliyyət göstərib və ümumilikdə kitabxanadan 50-ə yaxın oxucu faydalanıb. Daha sonra isə 26 mart tarixindən Tərtər rayonu oxucularının istifadəsində olan kitabxana 2 aprel tarixinə qədər fəaliyyətini bu rayonda davam etdirib. 5 aprel tarixindən isə “Səyyar Kitabxana” layihəsi çərçivəsində fəaliyyət göstərən yük avtomobili Ağdam rayonunda oxucuların istifadəsindədir. 

İcrasına 2012-ci ilin noyabr ayından başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakıda olub. Səyyar kitabxananın açılış lentini Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva kəsib. Layihə 2013-2017-ci illər ərzində Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan, Balakən, Qax rayon və şəhərlərində uğurla reallaşdırılmış, minlərlə oxucunu əhatə etmişdir.

Məlumat üçün qeyd edək ki, kitabxana 12 aprel tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oxucuların istifadəsində olacaq. Daha sonra isə kitabxana Beyləqan və İmişli rayonlarında da öz fəaliyyətini davam etdirəcək.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82