III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumunun iştirakçıları MEK-də mühafizə olunan mənbələrdən istifadə edə bilərlər
  
1257

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığıyla 2018-ci ilin 25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar”  simpoziumu keçiriləcək. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) informasiya dəstəyi verdiyi, Amerika, Avstraliya, Avropa və Asiya ölkələrindən iştirakçıların qatılacağı simpoziumun məqsədi türk dünyasının ümumi irsi olan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün öyrənilməsi, adət və ənənələrinin qorunması, ona qarşı marağın dirçəldilməsi və müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou təşkil olunacaq.

Azərbaycan Xalça Muzeyi ilə MEK arasındakı əməkdaşlıq çərçivəsində tədbir barəsində məlumatların elektron media və sosial şəbəkələrdə yayımlanması, simpozium zamanı MEK fondlarında mühafizə edilən xalçaçılıq sənətinə dair sənədlərin iştirakçıların istifadəsinə verilməsi, Xalça Muzeyi və MEK-də mühafizə olunan mənbələr barədə tanıdıcı rəqəmsal təqdimat və kitab sərgisi nümayişi nəzərdə tutulur. MEK tərəfindən sərgidə nümayiş etdiriləcək kitablar sırasında Azərbaycan, ingilis, rus dillərində olan “Azərbaycan dilində xalçaçılıq leksikası”, “Xalça sənətində naxış yaddaşı”, “Azərbaycan xalçaçılığının texnoloji üsulları”, “Xalçaçılıq texnologiyası”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları”, “Azərbaycan Qazax xalçaçılıq məktəbi”, “Gazakh carpet weaving school of Azerbaijan”, “The Anthology of fine arts of Uzbekistan”, “Azerbaijan decoration”, “Национальный костюм народов Кавказа в творчестве художника – литографа К.П.Беггрова”, “Батик и его использование в моделировании одежды” və s. kimi Azərbaycan xalça sənətinə, onun tarixinə həsr olunmuş dəyərli tədqiqat əsərləri var. Simpoziuma məqalə və məruzələr ilə qatılmaq istəyən şəxslər Mərkəzi Elmi Kitabxanada mövzuya aid olan mənbələrdən istifadə edə bilərlər.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82