Məhəmməd Əmin Rəsulzadənin vəfatından 63 il keçir
  
1241

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin vəfatından 63 il keçir.
Azərbaycanlı dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan siyasi mühacirətinin liderlərindən olan M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
M.Ə.Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.
Rəsulzadə 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1955-ci ildə Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin həmin ilin martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşub. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82