MEK-də 14 fevral “Beynəlxalq kitabbağışlama günü” münasibətilə aksiya keçirilib
  
1115

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 14 fevral  Beynəlxalq kitabbağışlama günü münasibətilə aksiya keçirilib. Aksiya çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə, Bakı şəhəri 11 saylı internat məktəbinə və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə 600-dən artıq kitab hədiyyə edilib. Aksiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamı ilə işıq üzü görən nəfis tərtibatlı ədəbiyyat nümunələri hədiyyə olunub. Aksiyanın təşkilində məqsəd gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliyəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.
Beynəlxalq kitabbağışlama günü ideyası 2011-ci ildə Amerikada “Gözəl Uşaq Kitabı” saytının təsisçisi Emmi Brodmurun oğlu tərəfindən “Nə üçün insanların biri-birinə kitab bağışlaması üçün xüsusi gün yoxdur?” sualından qaynaqlanıb. 2012-ci ilin 14 fevral tarixindən başlanaraq qeyd olunan “Beynəlxalq kitabbağışlama günü” uşaq yazıçıları, blogerlər, məşhurlar tərəfindən geniş dəstəklənir və dünyanın bir çox ölkəsində qeyd olunur. 
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği və kitab almaq imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi məqsədilə 2015-ci ildən başlayaraq müxtəlif formatda kitab hədiyyəsi və açıq kitabxana aksiyaları keçirir. Yalnız son bir ildə aksiya çərçivəsində 88 təşkilata və ayrı-ayrı şəxslərə on iki mindən artıq kitab hədiyyə edilib.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82