MEK-ə “Fransisk Skorinanın Dünya İrsi” adlı unikal kitabı daxil olub
  
1089

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Fransisk Skorinanın Dünya İrsi” adlı unikal kitab daxil olub. Belarus İnformasiya Nazirliyinin Petrus Brovka adına Belarus Ensiklopediyası nəşriyyatının sifarişi ilə nəşr olunan kitab Belarusda nəşr tarixinin 500 illiyinə həsr edilib.
“Nadir rəmzlərin ensiklopediyası” seriyasından buraxılan zəngin illüstrasiyalı nəşr 3 dildə - belarus, rus və ingilis dillərində işıq üzü görüb.
Nəşrdə ilk dəfə Fransisk Skorinanın 25 kitabı bütünlüklə təqdim edilib. Müasir nəşr bu gün dünyanın bir  çox ölkəsinin - Belarus, Rusiya, Ukrayna, Almaniya, Danimarka, Polşa, Litva, Böyük Britaniya, Sloveniya, Çexiya və ABŞ-ın kitab və müzey kolleksiyalarında mühafizə edilən milli xəzinə olan Fransisk Skorina irsinin tam əhatə olunduğunu aydın şəkildə göstərir.
Qeyd edək ki, Belarusun tanınmış mədəniyət xadimi, Renessans  dövrünün nümayəndələrindən biri Fransisk Skorina 1517-ci ildə Şərqi Avropada ilk dəfə kitab  dərc edən naşir olub. O, kitab vasitəsi ilə bütün bəşəri dəyərləri vahid bir topluda ictimaiyyətə çatdırıb. Onun fəaliyyəti sayəsində çap olunan ilk kitablar Belarusun milli xəzinəsi hesab edildiyi üçün naşir ölkənin simvoluna çevrilib. Bu gün o ən məşhur maarifçi və mədəniyyət xadimi kimi yad olunur. Fransisk Skorinanın dünya irsinə verdiyi töhfələr, Belarusda kitab nəşrinin 500 illik yubileyi   YUNESKO-nun da tədbirlər siyahısına daxil edilib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82