MEK-də Oksford Universiteti Nəşriyyatının məlumat bazasından istifadə qaydalarına dair təlim keçirilib
  
1084

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) təşkilatçılığıyla Oksford Universiteti Nəşriyyatının məlumat bazasının təqdimatı və bu bazadan  istifadə qaydalarına dair təlim keçirilib. “Elektron Resursların İşlənməsi” adlı təlim Oksford Universiteti Nəşriyyatının  regional meneceri Martin Dembovski tərəfindən aparılıb.
Əvvəlcə AKİK-in respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və Oksford Universitetinin Nəşriyyatı ilə əməkdaşlığından danışıb. C.Yusifova bazanın məlumat mənbələrindən yararlanmaq və sərfəli abunə haqqı ilə əlaqədar məsələləri həll etmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının vahid sistemdə birləşməsinin vacibliyini vurğulayıb.
Sonra Oksford Universiteti Nəşriyyatının  regional meneceri Martin Dembovski Oksford Universiteti  Nəşriyyatının məlumat bazası  haqqında geniş məlumat verib, bazadan istifadə qaydalarını göstərib.
Qeyd edək ki, Oksford Universiteti Nəşriyyatı Oksford Universitetinin bir bölməsidir və universitetin tədqiqat, təqaüd və təhsil sahəsində fəaliyyətini dünya miqyasında yayımlamaq məqsədi daşıyır. Qlobal səviyyəli Oksford Universiteti Nəşriyyatı dünyanın ən böyük universitet mətbuatıdır. Dünya üzrə il ərzində 7000 yeni nəşr istehsal edən nəşriyyat 50-dən çox ölkədə fəaliyyət göstərir və 7000-dən çox işçisi var. Milyonlarla insan tərəfindən tanınan nəşriyyat müxtəlif sahələrdə kitab və jurnallar nəşr etdirir. Buraya bütün elm sahələri, dini ədəbiyyat, musiqi, məktəb və kollec dərslikləri, uşaq kitabları, ingilis dilini  tədris edən materiallar, biznes kitabları, lüğətlər, mənbələr və elmi jurnallar daxildir.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82