Xalça Muzeyində akademik Teymur Bünyadovla görüş təşkil edilib
  
1065

Fevralın 3-də Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olan tarixçi-etnoqraf alim, Əməkdar elm xadimi, "Şöhrət" və “Şərəf” ordenli, akademik Teymur Bünyadovun “Azərbaycan xalça sənəti” adlı mühazirəsi dinlənilib.

Əvvəlcə muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova akademikin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, cari ildən etibarən muzeydə bu qurumun yaradılması, inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş alimlərə həsr olunan silsilə mühazirələr keçiriləcək. Bu silsilədən ilk tədbir akademik T.Bünyadova həsr edilib.

Alimin Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs edən Ş.Məlikova bildirib ki, T.Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının üzvü, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olub. O, muzeyin kolleksiyalarının zənginləşdirilməsi məqsədilə təşkil olunmuş elmi ekspedisiyalarda fəal iştirak edib.

Daha sonra Ş.Məlikova alimə diplom və xatirə hədiyyəsi təqdim edib.

Tədbirin təşkilinə görə muzey rəhbərliyinə təşəkkürünü bildirən akademik T.Bünyadov “Azərbaycan xalça sənəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə xalça sənətinin çoxəsrlik tarixindən, müasir inkişafından danışan görkəmli alim Azərbaycan Xalça Muzeyinin bu qədim el sənətinin yaşadılması, gələcək nəsillərə çatdırılması və təbliği istiqamətindəki rolunu yüksək qiymətləndirib.

Sonda T.Bünyadov tədbir iştirakçılarının suallarını cavablandırıb.