AMEA Mərkəzi Elmi Kitabxanasına Fəlsəfə üzrə elmlər doktoru, ilahiyyatçı alim Ələddin Məlikovun "Əql və İman" kitabı daxil olub.
"Əql və İman" kitabında müəllif iman və əqlin müqayisəli şəkildə əlaqəsini göstərir və üç filosofun nəzər-nöqtəsindən imanın mümkünlüyünü, dərəcəsini və rasionallığını araşdırır.
Əql və iman məsələsi, onların bir-biri ilə əlaqəsi qədim zamanlardan günümüzə qədər bəşərin ən qədim, ən məşhur və ən dərin düşünmə obyekti olmuşdur. Bu günün din fəlsəfəsində də ən mühüm məsələ olan əql və iman mövzusu, həm müsəlman, həm qərb mütəfəkkirlərinin diqqətini çəkmiş, və onlar buna dair xüsusi nəzəriyyələr işləmişlər. Bu nəzəriyyələrin ən mühümlərinə İbn Rüşt, Sadra əl-Şirazi və İmanuel Kantın görüşlərini misal göstərmək olar. Və əlimizdəki bu kitab həmin üç mütəfəkkirin mövzuyla əlaqədar baxışları üzərində tərtib olunub.
İbn Rüşt, Sadra Şirazi və İmanuel Kant - fərqli zamanda və məkanda yaşamış bu mütəfəkkirlərin hər biri özünəməxsus şöhrət qazanmış, parlamış və hər birinin parlaq fikirləri dövrümüzə qədər gəlib çatmışdır. Kitabın ilk fəslində mövzuyla əlaqədar olaraq əql və imanın lüğəvi və ideomatik açıqlaması, bu ikisinin əlaqə və münasibəti araşdırılıb.
Kitabın ikinci-dördüncü fəsillərində İbn Rüşt, Sədrəddin Şirazi və İmanuel Kantın hər birinin ayrılıqda əql və iman və onların əlaqəsinə dair fikirləri tədqiqata cəlb olunub, sonuncu fəsildə isə bu üç mütəfəkkirin bu mövzuda ortaq fikirləri və əks baxışları nəzərə çatdırılıb.
İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82