MEK dekabr ayı ərzində fondlarına daxil olan sənədlərin təqdimatını keçirib
  
887

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) dekabr ayı ərzində fondlarına daxil olan sənədlərin təqdimatını keçirib.
Sənədləri MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Qönçə Cəlilova təqdim edib.Təqdimatçı sənədlərin arasında yeni nəşr olunmuş kitabların çoxluq təşkil etdiyini vurğulayıb. Nümunə olaraq professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı”, macar tarixçiləri Miroslav Danis və Lukas Rybarın 2014-cü ildə nəşr etdirdikləri “Dejiny Azerbajdzanu” adlı monoqrafiya, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə”, professor İbrahim Zeynalovun “Totalitar Sovet cəmiyyəti: tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20-50 illəri)” monoqrafiyası, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər”, Asəf Hacıyevin “Dərbənd XIX-XX əsrin əvvəllərində” adlı kitabları qeyd edilib. Sənədlərin təsnifatını slayd vasitəsilə çatdıran Q.Cəlilova ay ərzində daxil olan kitabların bir qrupu haqqında ətraflı məlumat verib. 
Təqdimatda iştirak edən professor Əbülhəsən Abbasov “Geosiyasi və sosial fəlsəfə: ədalətli nizam və tərəqqi naminə” kitabı, professor İbrahim Zeynalov “Totalitar Sovet cəmiyyəti: tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20-50 illəri)” monoqrafiyası, Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyev “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” kitabı haqqında məlumat veriblər. MEK tərəfindən belə bir formatda təşkil edilən kitab təqdimatlarını müəlliflər oxu mədəniyyətinin və kitaba marağın aşılanması baxımından yüksək qiymətləndiriblər. 
Təqdim edilən kitabların bəşəri problemlərin həllinə dəyərli töhfə olduğunu vurğulayan MEK direktoru Leyla İmanova əsərlərin Azərbaycana aid strateji informasiya resurslarının cəm edildiyi Milli Rəqəmsal Yaddaş layihəsi üçün önəm kəsb etdiyini və bu baxımdan xarici dillərə tərcümə edilməsinin zəruriliyini bildirib. Tədbirin sonunda qonaqlar dekabr ayı ərzində kitabxanaya daxil olan kitabların tam ekspoziyası ilə tanış olublar.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82




FirstPrev12NextLast