MEK-in təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun ilk milli komiksinin təqdimatı keçirilib
  
872

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-də həyata keçirilən layihələrdən, Milli Rəqəmsal Yaddaş bazasının prinsip və perspektivlərindən, vikipedia təlimlərindən, keçirilən tədbirlərdən, təqdimatlardan söz açıb. O, təqdimatı keçirilən "Koroğlu" milli komiksi haqqında fikirlərini bölüşüb: "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksi Azərbaycanda bu sahədə ilk uğurlu layihədir. Komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır. Janrın üstünlüyü ondadır ki, uşaqları həvəslə oxumağa, böyükləri isə düşünməyə vadar edir". 
"İRS cizgi" yaradıcılıq qrupunun təsisçisi Anar Əkbərli “Koroğlu” komiksinin yaradılması prosesindən danışıb. O, qeyd edib ki, “İRS cizgi” komandasının hazırladığı komiks Azərbaycanda bu sahədə ilk layihədir: "Vurğulamaq istədiyimiz nöqtələrdən biri də bu işdə komanda işinin necə vacib rol oynamasını göstərməkdir. Biz bu işə sıfırdan başlamışıq və hər şey sırf bizim araşdırmalarımız nəticəsində, özümüzü və metodikamızı inkişaf etdirərək ərsəyə gəlib. Biz özümüz öz məhsulumuzun alıcısıyıq və işə başlamaqda ən tətikləyici səbəblərdən biri bu sahədə milli məhsulun yoxluğu olub. Hal-hazırda komiksimizin ilk sayı mövcuddur və növbəti sayları da nəşr etməyi planlayırıq. Komikslə yanaşı Koroğluya aid animasiya, oyuncaqlar və oyunlar da yaratmağı düşünürük”. 
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı gənclərin mühüm bir işə imza atdıqlarını söyləyib. Onun sözlərinə görə ərsəyə gələn komiks çox uğurlu bir layihədir. O, prosesin davamlı olmasını arzulayıb. 
"Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, adətən gənclərin gördükləri işlər və atdıqları addımlar tənqidə məruz qalır. A.Abdulkərimov buna görə gəncləri ruhdan düşməməyə və qətiyyətli şəkildə layihələrini həyata keçirməyə çağırıb. O, təmsil etdiyi təşkilatın gənclərə, onların bu cür layihələrinə hər zaman dəstək ola biləcəyini qeyd edib. 
ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, Rusiyadakı Azərbaycan diasporunun rəhbərlərindən olan Tərlan Qasımov, Azərbaycan Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov gənclərə başladıqları faydalı işlərdə uğurlar arzulayıblar. Onlar gələcəkdə bu fəaliyyətin daha geniş miqyasda olmasını arzulayıblar. 
Mərkəzi Elmi Kitabxananın əməkdaşı Renat Cəfərov komiksin mahiyyəti haqqında danışaraq bu işin ilk olaraq ABŞ-da başladığını və bütün dünyaya yayıldığını vurğulayıb. Onun sözlərinə görə komiks ənənəsi artıq bütün dünyada geniş yayılmaqdadır. R.Cəfərov kiçik müqayisələr apararaq "İRS cizgi" yaradıcılıq qrupunun "Koroğlu" komiksinin Azərbaycanda bu istiqmətdə görülən işlər arasında ən uğurlusu olduğunu söyləyib və gələcəkdə də davamlı olmasını arzulayıb.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82



FirstPrev1234NextLast