Akademik Ömər Eldarova "Heydər Əliyev" ordeni təqdim olunub
  
811

Ömər Eldarov 1927-ci il dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə təhsilini Leninqraddakı İ. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində  davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgilərin, müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutub.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o, Rəssamlar İttifaqının katibliyinə üzv seçilib, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının Bakıdakı  yaradıcılıq emalatxanasının heykəltəraşlıq üzrə  rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada Mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib, hal-hazırda isə Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
Məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət mükafatı laureatına layiq görülüb, ”Şərəf nişanı”(1959), “Qırmızı Əmək Bayrağı”(1986), 16 aprel 2014-cü ildə "Birlik ulduzları-2014" mükafatının laureatı olub, 2012- ci ildə isə müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib.
Bundan əlavə 18 aprel 2014-cü ildə aka­de­mik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adı­na mükafata layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 20-də Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.
Ömər Eldarovun yaradıcılığında şairə Natəvanın (1960 il, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963 il, Bakı), dramaturq Hüseyn Cavidin (1993 il, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987 il, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 72-ci diviziyanın əsgərləri "Azərbycanın qorxmaz oğul və qizlarına" həsr olunmuş memorial (1974 il, Sevastopol), Sədrəddin Ayninin (1979 il, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001 il, Ankara), Heydər Əliyevin (2001 il, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955 il, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974 il, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984 il, Bakı), dirijor Niyazinin (1989 il, Bakı), yazıçı Süleyman Rəhimovun (1991 il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988 il, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000 il, Bakı), akademik Həsən Əliyevin (1988 il, Bakı) xatirə abidələri, "Elegiya" abidəsi (1989 il), akademik Zərifə Əliyevanın (1995 il , Bakı) və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004 il, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu əsərlərdən "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib.
Həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin 29 aprel 2011-ci il tarixli Sərəncamı ilə inşa edilmiş və iştirakı ilə  2015-ci ildə istifadəyə verilmiş AMEA Mərkəzi Elmi Kitabxanasında  akademiyanın təsisçilərinin və müəyyən dövrlərdə rəhbərlik etmiş alimlərimizin, milli təfəkkürümüzün  oyanışında böyük xidmətləri olan 15 nəfər  elm xadiminin büstləri də akademik Ömər Eldarovun rəhbərliyi ilə hazırlanıb.
Alimin 90 illik yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın elektron məlumat bazasında akademik Ömər Eldarovun səhifəsi yaradılıb. MEK əməkdaşları alimin iş otağında olub, ondan müsahibə alıblar.

*** 

Ömər müəllim, xoş gördük. Sizi 90 yaşınız münasibəti ilə təbrik edirik.  Bu zirvədən geriyə baxanda enişli-yoxuşlu ömür yolları hardan başlayır və hansı dolamalardan keçib? 

- Kiçik yaşlarında uşaqlar rəsm çəkməyi xoşlayır. Mən də bütün balacalar kimi rəsmlər çəkirdim. O vaxt karandaşdan başqa heç nə yox idi. Plastilin, rənglər az idi. Ümumiyyətlə, plastilin yox idi. Rənglərə gəldikdə sulu boya  və yağlı boyanı tapmaq çətinliyi vardı. Atam, anam gördü ki, gözəl  rəsmlər çəkirəm, aparıb məni altı yaşımda Bakıda uşaqların yaradıcılıq studiyasına qoydular. Yaxşı xatırlayıram, həmin studiya Rəşid Behbudov küçəsinin tinində yerləşirdi. Ora anamla getmişdim. Dedilər ki, gec gəlmisiniz, yer yoxdur. “Balaca uşaqdır, gələn il gətirərsiniz” deyib bizi yola salmaq istəyirdilər. Bu anda bir rus arvad gəldi yanımıza və soruşdu ki, oğlan bəlkə sən plastilinlə, gillə nə isə yaratmaq istəyirsən?. Mən razılıq verdim ki, olar. Məni apardı sinifə və burda, heykəltəraşlıq sinfində yer olduğunu bildirdi. Həmin sinifə daxil oldum və başladım orda oxumağa. Həmin gündən başladım heykəltəraşlığa... 

 Azərbaycanda böyük şəxsiyyətlərin, xeyli sayda ziyalıların büstlərinin müəllifisiniz. Bilirik ki, sizə həmişə çoxlu müraciətlər olub. 

- Məndən xahiş edənlər çox olub. İndi mənim müasirlərim dünyasını dəyişiblər. Yazıçıların, alimlərin demək olar ki, hamısnı mən tanıyırdım. Onlar rəhmətə gedəndən sonra doğmaları məndən büstlərini yaratmaq üçün xahiş ediblər. Birinci Fəxri Xiyabanda çoxlu işlərim var. Heydər Əliyevin monumental abidə kompleksini mən yaratmışam. Akademik Zərifə Əliyevanın, Şıxəli Qurbanovun, Tofiq Quliyevin, Süleyman Rəhimovun,  Süleyman Rüstəmin, Niyazinin, Fikrət Əmirovun və s. insanların abidələrini mən hazırlamışam. Mənim əl işlərim sanki orda böyük bir qalereya kimidir. Hardasa 20-dən artıq qəbirüstü abidənin müəllifi olmuşam. 

 Bəs ən çətin zəhmət bahasına başa gələn gələn əsəriniz hansıdır? 

- Çətin, böyük  zəhmət hesabına başa gələn əsərim Heydər Əliyevin abidəsi olub. Çünki çox mürəkkəb quruluşu olan bir heykəldir. O, rəhmətə gedəndə elə birinci gün İlham Əliyev, Mehriban xanım və mən  Birinci Fəxri Xiyabanda olduq və abidənin qoyulacağı yeri dəqiqləşdirdik. Bir il vaxtım vardı ki, mən bu böyük insanın obrazını yaradam. Hamının xoşuna gəlməsi üçün çox möhtəşəm bir abidə olmalı idi. Mən xeyli sayda, müxtəlif  eskizlər hazırladım, memar Rasim Əliyevlə birlikdə gərgin çalışdıq. İlham müəllim bu hazırkı abidənin eskiz layihəsini bəyəndi. Ölkə, ölkənin xəritəsi, dövlətin rəmzi və onun qabağında Heydər Əliyevin abidəsini  ucaltmaq qərara alındı.   

 Bəs hansı əsəriniz sizə daha əziz, daha doğmadır?

 - Bütün əsərlərim mənə övladım kimidir. Hamısı mənə doğmadır. Ailədə valideyn uşaqlar arasında fərq qoya bilmədiyi kimi, yaradıcı insanın öz əsərlərinə də münasibəti eynidir. Hamısı ürəkdən işləndiyi üçün doğmadırlar mənə.  

 Əsərin yaxşı alınması üçün qəhrəmanı öncədən tanımaq lazımdır, yoxsa elə fotoları kifayət edir? 

- Əlbəttə, özünü yaxından tanımaq lazımdır. Mənim əksəriyyət ziyalılarla - Səttar Bəhlulzadə, yaxud Niyazi və başqaları ilə yaxınlığım olub, ünsiyyətim yaranıb. Ancaq hamını yaxından tanıya da bilmərəm axı. Yaxşı əsər yaratmaq üçün onun haqqında ətraflı məlumatın olmalıdır. Məsələn, Füzuli, İbn Sina...Gərək üzərində düşündüyün əsər  haqqında çoxlu mütaliə edəsən ki, yaratdığın qəhrəmanın xarakterini açmağı bacarasan. Ona görə də əsərə yanaşmada individual yanaşma olur və bir də ümumi tipik bir obraz yaratmağa nail olursan. 

 Sizin xarici ölkələrdə də xeyli sayda əsərləriniz var. 

- Var, bəli, çoxdur. Ən böyük əsərlərim Tacikistandadır.YUNESKO-nun qərarı ilə  yazıçı Sədrəddin Ayninin abidələr kompleksini  və İbn Sinanın abidəsini yaratmaq mənə həvalə olunmuşdu. Bu iki əsərin müəllifiyəm. Hər iki abidənin təntənəli açılışları da olmuşdu.  

 Ömər müəllim, heç olub ki, sizə sifariş verilən əsərdən imtina edilsin. Hazırlanmış əsər kiminsə xoşuna gəlməsin?

 - Yox, elə bir şey olmayıb. Məndən hələ indiyədək heç kəs narazı qalmayıb. 

Bəs sizin özünüzün sifarişdən, kiminsə heykəlini ucaltmaq xahişindən, hər hansı təklifdən  imtina etdiyiniz vaxt olub? 

- Yox, o da olmayıb. Kim məndən nə  xahiş edibsə, kömək etmişəm. 

 Adətən, şairlər, yazıçılar öz obrazlarını əsərlərində yaşadırlar. Bəs sizin necə? özünüz haqqınızda əl işiniz varmı? 

- Xeyr, avtoportretim yoxdur. Cavan vaxtımda karandaşla eləmişdim. Evdə güzgüyə baxıb büstümü də yaratmışdım. Heç biri qalmır, saxlamamışam. Hazırda, ümumiyyətlə, yoxdur. 

 Bəs tələbələrinizdən sizin şəklinizi çəkən olubmu?

 - Vaxtı ilə Sankt-Peterburqda olub. Ancaq, o da saxlanmayıb. 

 Ömər müəllim, biz sizə can sağlığı, uzun ömrü arzu edirik. 90 illik yubileyiniz münasibəti ilə sizi bir daha təbrik edirik. İnşallah 100 illik yubileyinizi qeyd edək. Sağ olun. 

- Çox minnətdaram.