Vikipediyada ilk azərbaycanlı epidemioloq alim haqqında məqalə əsaslı şəkildə redaktə olunub
  
  AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən   Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün   xaricə göndərilmiş tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq alim İsmayıl Axundov haqqında məqalə   əsaslı redaktə olunub. 

  Xatırladaq ki, Azərbaycanda tropikologiya sahəsində ilk professor olan İsmayıl Axundov 1897-ci il   dekabrın 8-də Şamaxı şəhərində anadan olub. 1919-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə   qəbul olan İsmayıl Axundov 1920-ci ilin əvvəlində dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan   adına Münhen Universitetinin tibb fakültəsinə - təhsilini davam etdirməyə göndərilir. 1952-ci ildə   Moskvada mehmanxanada baş verən yanğın onun həyatına son qoyur. Vaxtsız ölüm malyariyanın   epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra əsaslı tədqiqat işlərinin müəllifi,   eyni zamanda yoluxucu xəstəliklərin tüğyan etdiyi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmış   azərbaycanlı professor İsmayıl Axundovun yüksək elmi və humanist ideallar uğrunda apardığı işləri də   yarımçıq qoyur.