Vikipediyada Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələr əsaslı redaktə olunub
  

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir. AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” təlim iştirakçısı, Tarix İnstitutunun elmi işçisi Elnur Nəciyev tərəfindən "Azərbaycanca Vikipediya"da "Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti" məqaləsi əsaslı redaktə edilib.

 Məqalədə redaktə olunan məqamlar aşağıdakılardır:

1.Məqalə əvvəlindən sonuna kimi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının I cildindən (2004-cü il nəşri, s.27-43) istifadə edilməklə yaradılsa da, məqalədə həmin istinadlar bir dəfə də olsun qeyd olunmamışdı. Bu məqam redaktə olunaraq düzəldilib.

2.Azərbaycan Xalq Cumhuriyyətinin əhali sayı barədə istinadın Qafqaz təqvimində verilmiş məlumatlara əsaslanması.

3.Parlamentin tərkibinə daxil olacaq üzvlərin say nisbəti, o cümlədən qeyri-müsəlman əhalinin parlamentdəki say nisbəti.

4.Azərbaycan Milli Şurasının sədri, M.Ə. Rəsulzadənin imzası ilə 1918-ci il, noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsindən çıxarış.

5.M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə verdiyi qiymət. (onun çıxışından edilən çıxarışla)

6.Parlamentin komissiyalarının adları.

7.1920-ci il aprelin 27-də M.Rəsulzadənin parlamentin son iclasının və Azərbaycan xalqının taleyinin açıq iclasda həll edilməsi təklifi.

8.Parlament üzvlərinin, hökumət üzvlərinin adlarındakı qeyri-dəqiqliklərin redaktəsi.

9.Parlamentin son iclasında verdiyi qərar və kommunistlər qarşısında qoyduğu şərtlər.

10.İstinadların göstərilməsi.

11.Mənbələrin göstərilməsi.

 

 Daha sonra isə başqa təlim iştirakçısı tərəfindən azərbaycanlı general-mayor Cahangir bəy Novruzov haqqında məqalə əsaslı redaktə olunub.

Qeyd edək ki, Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin generalı, Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının batareya komandiri kapitan Cahangir bəy Yusif bəy oğlu Novruzov Türkiyədə soyad qanunu çıxdıqdan sonra “bərk ər, igid, döyüşkən ər” anlamı daşıyan “Bərkər” soyadını götürüb.



Mətbuatda biz:
modern.az
strategiya.az
moderator.az